вторник, 17 декабря 2013 г.

Şagirdin şəxsiyyət kimi formalaşdırılması prosesində vaxtdan səmərəli istifadə vərdişlərinin aşılanması təcrübəsindən

Şagirdin şəxsiyyət kimi formalaşdırılması prosesində vaxtdan səmərəli istifadə vərdişlərinin aşılanması təcrübəsindən

 Gültəkin Rüstəmova
                                                              S.Bəhlulzadə adına Xarici
                                                                   Dillər Təmayüllü Gimnaziyanın
                                             tarix    müəllimi
E-mail  gultekin_xdtg@box.az
Rəyçi: Namiq Əliyev
tarix üzrə fəlsəfə doktoru

Açar sözlər: innovativ proseslər, vətənpərvər vətəndaş, tam hüquqlu vətəndaş, vaxt bölgüsü, vətəndaşlıq mövqeyinin formalaşdırılması, əxlaqi keyfiyyətlər.
Ключевые слова: инновационные процессы, гражданин-патриот, равноправный гражданин, распределение времени, формирование  гражданской позиции, нравственные качества.
 Key words:  Innovative processes, citizen-patriot, citizen equal distribution of time, the formation of civic, moral qualities.

Bu gün Azərbaycan təhsilində həyata keçirilən innovativ proseslər müəllimlərin qarşısında şagirdin bir şəxsiyyət kimi yetişdirilməsi vəzifəsini qoyur. Özünün milli kimliyini dərk edən və mənsub olduğu xalqın tarixi-mədəni irsini qoruyub saxlayan, gələcəkdə  cəmiyyətdə tamhüquqlu bir vətəndaş olmağı bacaran şəxsiyyət yetişdirmək təhsilimizin ümdə vəzifəsinə çevrilib. Hər bir şagirdin şəxsiyyətə çevrilmə prosesi onun əvvəlcə bir vətəndaş kimi yetişdirilməsindən keçir. Hamı qəhrəman ola bilməz, amma hamı vətəndaş olmalıdır. Şagirdə öz hüquqlarını bildiyi kimi, qarşısında duran vəzifələri də vicdanla yerinə yetməyi öyrətmək müəllimlərin qarşısında duran bir vəzifə borcudur.
 Vətənpərvər vətəndaş yetişdirmək, özünün müasir dünyada baş verən proseslərdəki yerini və rolunu müəyyənləşdirmək müəllimin təhsildə yönəldiyi mühüm istiqamətdir. Vətəndaşlıq və vətənpərvərlik cəmiyyət həyatında yaxından iştirak etməklə şəxsin  inkişafına şərait yaradan zəruri keyfiyyətdir. Vətəndaşlıq hüquq və vəzifələrini düzgün müəyyənləşdirməklə yanaşı vəzifələrini vicdanla yerinə yetirmək və hüquqlarını tələb etmək bacarığıdır.Vətənpərvərlik isə vətəninin və xalqının maraqlarını öz şəxsi maraqlarından üstün tutmaq bacarığıdır ki, bu keyfiyyət də müəyyən kritik vəziyyətlərdə təzahür edir.
Vətəndaşlıq haqqında ilkin anlayışlar hələ antik dövrlərdən formalaşmağa başlayıb. Vətəndaşlıq mövqeyinin formalaşdırılması gənclərin cəmiyyət həyatına hazırlanması ilə başlayır. Şəxsiyyətin vətəndaşlıq mövqeyi onun cəmiyyətdəki fəaliyyəti, insanlarla olan ünsiyyəti və ən nəhayyət özünün özünə olan münasibətinin əks olunmasıdır.
Hal-hazırda cəmiyyətdə vətəndaşlıq maraqlarının  müntəzəm təminatı üçün şagirdlərdə bu keyfiyyət yuxarı siniflərdən formalaşdırılmalıdır ki, bunun  da nəticəsində onlar 18 yaşına çatıb vətəndaşlıq hüququ qazananda,  cəmiyyətin tam hüquqlu üzvünə çevrilərək, aktıf fəaliyyətə başlaya bilsinlər. Təhsil prosesində şəxsiyyətin formalaşdırılmasınin mühüm cəhəti odur ki, malik olduğu biliklərin məcmusunda  o bir "vətəndaşlıq  praktikası"nı  da yaşaya bilir, belə  ki, ona  müəyyən vəzifələr tapşırılır, icra edərkən isə şagird öz "əhəmiyyətini" hiss edir. Bu da onun gələcək həyatında atdığı addımlarda, qəbul etdiyi qərarlatda bir qətiyyətlilik xarakterini formalaşdırır. Düzgün müəyyənləşdirilmiş belə praktika məqsədyönlü şəkildə təşkil  edilməlidir.
Bizim tariximiz öz mənafeyini xalqının mənafeyinə qurban vermiş  vətənpərvərlik  nümunələri ilə zəngindir. Bizim əcdadlarımızda vətənə məhəbbət hissi o qədər yüksək olub ki, uğrunda canlarını belə əsirgəməyiblər. Bu ,ən çox yadellilərlə mübarizələrə özünü əsk etdirir. Sinifdən sinifə keçdikcə dərs prosesində belə hadisələri öyrənən şagird dərk edir ki, əcdadlarının ona miras qoyduğu hər nə varsa onları qoruyub  gələcək nəsillərə ərməğan etməlidir. Bununla da şagird öz milli dəyərlərinə qiymət vermək bacarığına yiyələnir, öz milli mirasına sahiblənir, gələcəkdə müxtəlif şəraitlərdə öz milli maraqlarını qorumağı öyrənir.
Lakin bunu şagirdlərə necə öyrətmək lazımdır? Ənənəvi dərs prosesində şagird passiv mövqedə qaldığı üçün tez yorulur, verilən informasiyanın müəyyən bir qismini qavraya bilir. Belə olduğu halda biz keyfiyyətdən danışa bilmərik. Mövzunun nə qədər maraqlı olmasından aslı olmayaraq əgər şagird  fərdilik hiss etmirsə, nəticə də qənaətbəxş olmayacaq. Bu gün təhsilin yeni metodlarla tədrisinə diqqət ayırırıqsa, şəxsiyyətin formalaşdırılması prosesini  yeni metod və təlim texnologiyalarından istifadə etməklə  həyata keçirmək lazımdır. Əvvəlcə biz məsələyə yeni prizmadan yanaşmalıyıq. Belə ki:
-         hər bir şagirdə  fərdi yanaşaraqla  onun şəxsi keyfiyyətlərini üzə çıxarmaq lazimdır;
-         bu keyfiyyətlərin təlim prosesində düzgün istiqamətləndirilərək gələcək inkişafına şərait yaratmaq zəruridir;
-         psixo-pedaqoji  şərait yaratmaqla şagirdlərdə özünə inam  aşılamaq əsasdır.
Ümumtəhsil məktəblərində hər bir şagirdə fərdi yanaşmaq başlanğıcda mümkünsüz görünə bilər.  Çünki  müəllim hər bir şagirdlə  fərdi olaraq işləməli, onun xarakterini, qavrama qabiliyyətini, yaddaşını, təfəkkür tərzini yaxşı bilməli və  yadda saxlamalı, hər bir şagird üçün  onun imkanlarına müvafiq olan  tədbirlər və fəaliyyət planı hazırlamalıdır. Bu  o qədər sadə iş olmasa da, lakin mümkündür.  Dərs prosesində müxtəlif didaktik metodların tətbiq edilməsi, istər qruplarla iş, istərsə də fərdi iş metodlarının seçilməsi şagirdlərin zehni inkişafının istənilən şəkildə istiqamətləndirilməsi ilə nəticələnir.   Məqsəd isə  şagirdləri vətənpərvər bir şəxsiyyət kimi yetişdirməkdir.
Bütün bu prosesin vaxtında işlənib hazırlanması, onun şagirdlər tərəfindən dərk edilərək mənimsənilməsi müəyyən zaman intervalında baş verəcək. Hər işin öhdəsindən vaxtında gələ bilməsi üçün əvvəlcə şagirdlərə zaman-vaxt anlayışlarını düzgün aşılamaq, onları vaxtdan   səmərəli istifadə etməyə yönləndirmək lazımdır.
8-ci sinifdə tədris olunan "İnsan və cəmiyyət" fənnində  belə bir mövzu yer alıb "Zaman və səmərəli həyat." Burda İ.V.Hötenin bir deyimini xatırlatmaq yerinə düşər: "Önəmli işlər, əsla önəmsiz işlərin insafına tərk edilməməlidir". Amma şagird hələ  önəlmi işləri önəmsiz işlərdən ayıra bilmirlər. Ona görə də  öz vaxtlarını düzgün bölə bilmirlər, nəticədə isə istənilən nəticə alınmır.
Gələcəkdə, cəmiyyətin tam hüquqlu vətəndaşı olduqda, onların zamanla bağlı problemlərinin olamaması üçün məktəbdə təlim prosesində şagirdlərə vaxtdan səmərrəli istifadə etmək, işlərini planlı şəkildə qurmaq kimi vərdişlər aşılanmalıdır. Müsbət əxlaqi keyfiyyətlərlə yanaşı bu keyfiyyətlərin də tərbiyə edilməsi gənc nəslin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına  yardım etmiş olar.  Vaxtından səmərəli istifadə etməyi bacarmayan şəxs cəmiyyətdə layiqli yerini tuta bilməz. Yüksək əxlaqi dəyərlərimiz olan islam dəyərlərində də qeyd edilir ki, zaman Allahın bizə verdiyi əvanətlərdən biridir və biz onun dəyərini bilməliyik.
 Dərs prosesində şagirdlərə əvvəlcə zaman haqqında tarix dərslərində əldə etdikləri biliklər əsasında bir ümumiləşdirmə aparmaq tapşırılır: hər bir qrup müxtəlif dövlətlərdəki zaman hesablama sistemi haqqındaq bilgi verməlidir.
Bəşər cəmiyyəyinin ilk dövrlərindən başlayaraq insanların zamanı hesablamaq üçün istifadə etdikləri müxtəlif sistemlər, il başlanğıcları günəş və su saatlarının kəşfi haqqında bilgilər dinlənilir. Sonra  şagirdlərin nəzərinə lövhədə əvvəlcədən yazılıb amma üstü örtülmüş bir araşdırma mətni çatdırılır. Mətnin üzəri açılır, lövhədə bunlar yazılıb:
70 il həyat;
-20 il yuxu;
-16 il təhsil almaq;
-4 il yemək;
-4 il səyahət;
-5 il şəxsi qulluq;
-3 il kino, teatr, televizor;
-3 il telefon danışıqları;
-1 il itmiş əşyaların axtarılması;
-14 il geriyə qalan zaman dilimi.
Müxtəlif müzakirələr  aparılır, sonda nəticəni dinləməzdən əvvəl müəllim başqa bir misal da çəkir (Əvvəlcədən sinifə bir şüşə qab və müxtəlif ölçülü daşlar qoyur). Şüşə qabı əlində tutaraq onun içinə iri daşları qoyur, sinifə müraciət edir, qab doludurmu?
Bəziləri "bəli", bəziləri "xeyr", bəziləri "qismən doludur",- deyirlər. Sonra müəllim bir qədər kiçik daşları qabın içinə yerləşdirir və yenə soruşur ki, qab doludurmu, yoxsa yox, eyni cavabları alır, sonra qaba qum tökür, qum qabdakı bütün böşluqları tutur, yenə sinifə sual olunanda hamı qabın boş olduğunu deyir,  bundan sonra isə qaba su tökülür, qab artıq doludur. Burdan nə nəticə çıxır? Şagirdlər müxtəlif versiyalar söyləyir, bəziləri vaxtlarını  hələ çox olduğunu, bəzisi hələ hər şeyin qabaqda olduğunu və s. fikirlər söyləyirlər. Müəllim isə nəticə olaraq son fikri söyləyir: “Əgər böyük daşları əvvəlcədən yerləşdirməsən, kiçiklər yerləşdiriləndən sonra böyüklərə  yer qalmaz. Bəs həyatımızdakı böyük daşlar nədir?” Şagirdlərin cavabı müxtəlifdir, ailəmiz, sevdiklərimiz, gələcəyimiz, təhsilimiz, sağlamlığımız və s. Müəllim şagirdlərin fikrini cəmləşdirib ümumi nəticə çıxarır: “Həyatınızın mühüm mərhələlərinə başlamamışdan öncə dayanın və dərindən fikirləşin, sizin həyatınızda böyük daşlar nədir?  Əgər o, ailənizdirsə, siz ailənizin etimadını doğrulda bilmək üçün qətiyyətli olmalı və qarşınıza qoyduğunuz məqsədə nail olmalısınız. Ailənizin etimadını doğrultmaqla siz həm də həqiqi vətəndaş, cəmiyyətdə önəmli yer tutan bir şəxsiyyət olcaqsınız. Eyni sözləri sevdikləriniz, gələcəyiniz, sağlamlığınız haqqında da əsaslandırmaq olar. Əsas odur ki, istər şəxsi həyatınız, istərsə də gələcəkdə iş həyatınız olsun, istəklərinizi əhəmiyyətinə görə sıralayın.
Vaxtınızı düzgün bölün.
Bir fəaliyyət planı tərtib edin.
Fikrinizi yayındıran məslələrdən uzaq durun.
Sizdə inamsızlıq yaradan dostlarınızdan uzaq durun.
Yuxu rejiminizi mütamadi qaydada nizamlayın.
Şəraitdən asılı olmayaraq optimist olun.
Hər işdə bir xeyir olduğuna inanın.
Səhvlərinizdən nəticə çıxarın.
Qərar verməyə tələsməyib, böyüklərin fikrini dinləyin.
Dərsin sonunda şagirdlərin gəldiyi nəticə: hər bir şagird gələcəyin vətəndaşı, vətəninin patriotu, cəmiyyətin şəxsiyyəti kimi yetişmək üçün vaxtından düzgün istifadə etməlidir. Bu günün baza bilikləri gələcəyimizə qoyulan sərmayəmizdir.
Məqalənin elmi yeniliyi ondan ibarətdir ki, şəxsiyyətin hərtərəfli inkişafında, onun vətənpərvər vətəndaş kimi formalaşdırılmasında  vaxtdan səmərəli istifadə etməyin, onu düzgün bölüşdürməyin əhəmiyyətli olduğu vurğulanır və bir dərsin təcrübəsində isbat edlir.
Məqalənin praktik əhəmiyyəri və tətbiqi. Məqalədə irəli sürülən müddəalardan və  göstərilən təcrübədən müəllim və tərbiyəçilər faydalana bilərlər.
Nəticə. Şagirdlərin hətərəfli inkişaf etmiş şəxsiyyət və vətənini sevərək onu hər an qorumağa hazır olan vətənpərvər kimi fomalaşmasdırılması üçün onlara müsbət əxlaqi keyfiyyətlərlə yanaşı  eyni zamanda  vaxtdan səmərəli istifadə etmək vərdişləri də aşılanmalıdır.

İstifadə edilmiş ədəbiyyat:

1. Sadıqov  F.B. Pedaqogika, Bakı, “Adiloğlu”, 2006.
2.R.Süleymanov, A.Abuşov "Mən və karyeram","ASCOMP" MMC ,Bakı, 2013
3.Ə.Ağayev,U.Ələkbərov "İnsan və cəmiyyət", VIII sinif dərslik, “Təhsil”, Bakı, 2012.
4. Hasan Başarı "Hayatı güzel ve Anlamlı Yaşamak", Hayat yayımları, İstanbul, 2003

Гюльтекин Рустамова
Из опыта привития навыков эффективного использования времени в процессе  формирования личности ученика.
Резюме
В статье рассказывается о формировании личности ученика, о его всестороннем развитии и о привитии ему навыков  эффективного использования своего времени.   Автор отмечает, что сначала нужно разъяснить учащимся понятие  «время», постараться направлять их на правильное использование времени, умение различать  важные  и второстепенные дела и первым делом решать главное дело. В этом и заключается рациональное использование времени.
Автор приводит пример  одного урока по  предмету «Человек и общество», где темой является «Время и рациональная жизнь».
В статье также говорится о возможностях уроков истории в привитии учащимся чувств патриотизма.


Rustamova Gultakin
 From the experience of imparting skills for effective use of time during the formation of the student's personality.

                                                                 Summary
The article describes the formation of the student's personality , his all-round development and instilling him the skills to effectively use their time. The author notes that students first need to clarify the concept of "time" , try to guide them on the proper use of time , the ability to distinguish between important and minor things and the first thing the main thing to decide . This is the time management .
The author cites the example of a lesson on the subject " Man and Society ", where the theme is "Time and rational life."
The article also talked about the possibility of history lessons in instilling students feelings of patriotism.




Комментариев нет:

Отправить комментарий