Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsi çərçivəsində Füzuli rayon 50 nömrəli tam orta məktəbdə həyata keçirilən . “Riyaziyyat və məntiq üzrə müsabiqələrə hazırlığın təşkili” layihəsi şagird və valideyinlər tərəfindən olduqca maraqla qarşılanır. Müsahibim layihənin eksperti Beynəlxalq dərəcəli ekspert Ramil Süleymanovdur.
Ramil müəllim bu layihənin önəmli tərəfi nədən ibarətdir?
İlk öncə təşəkkür edirəm. Olimpiada dərslərinin bu
cür sistemli və məqsədli şəkildə təşkilinin qısa müddətdə öz müsbət nəticələrini
verəcəyinə əminəm. Bu il üçün ən yaxın məqsəd bütün sinfin respublika fənn
olimpiadasının final mərhələsinə keçməsi və əksəriyyətinin medal almasıdır. Digər
bir məqsəd isə beynəlxalq informatika və riyaziyyat olimpiadalarının (İBMO və
EGMO) seçim imtahanlarında uğurlu iştirakdır. Şagirdlərin hamısı bu məqsədlərə
nail olmağa iddialıdır. Şagirdlər fərdi
olaraq müsabiqədə iştirak edəcək və müsabiqənin final mərhələsinin nəticəsində
qaliblər əsasən fərdi olaraq və komanda üzvlərinin nəticələrinin cəminə əsasən
müəyyən ediləcək. Bizim iştirak etdiyimiz beynəlxalq olimpiadalarda ölkələrin
reytinq cədvəlləri açıqlandığı kimi, müsabiqə nəticələrinə əsasən ölkə üzrə
rayon və şəhərlərin reytinq cədvəli müəyyən ediləcəkdir. Fənn müsabiqələrinin nəticələrinə əsasən fənlər
üzrə olimpiadalara hazırlıq sinifləri yaradılacaq, gələn ilin iyun ayında
onlarla yay olimpiada məktəbləri təşkil olunacaq və növbəti tədris ilində artıq
siniflər fəaliyyətə başlayacaqdır. Fənn müsabiqələrinin birinci mərhələsinin nəticələrinə
əsasən rayon (şəhər) yerli təhsili idarəetmə orqanlarının rəhbərliyi tərəfindən
həmin rayonu (şəhəri) təmsil edəcək namizəd-şagirdlər seçilməli və onlarla
final mərhələyə hazırlıq işləri aparılmalıdır. Bu proses nəticəsində yerlərdə də
bir canlanma olacaq və şagirdlərin fənlərə olan marağı daha da artacaqdır. Əlbəttə ki, rayon (şəhər) təhsil şöbələrinin
marağında olacaq ki, rayonun ən istedadlılarını həmin müsabiqənin final mərhələsinə
göndərsinlər ki, onları layiqincə təmsil edə bilsinlər. Müəyyən edilmiş ilk
10-luğa və ya ilk 20-liyə daxil olan şagirdlərin fənn müəllimlərinə də müxtəlif
mükafatlandırmalar nəzərdə tutulmuşdur. Biz bir heyət olaraq bu sahədə çox işlər
görmək istəyirik. Respublikanın qabaqcıl müəllimlərinin, təhsil işçilərinin,
alim və professorlarımızın da əlbəttə bu işin daha səmərəli qurulması istiqamətində
fikir və rəyləri bizim üçün çox vacibdir. Burada başqa bir məsələni də nəzərə
çatdırmaq istərdim ki, məqsəd bu şagirdlərin gecə-gündüz sadəcə elmlə məşğul
olmaları deyil. Ən əsas hədəfimiz bu uşaqları bir vətəndaş kimi həyata hazır fərdlər
kimi, vətənini, xalqını, millətini, bayrağını sevən, milli-mənəvi dəyərlərimizə
sadiq şəxsiyyətlər kimi yetişdirməkdir. Onları beynəlxalq olimpiadalarda hansı
ölkəni, xalqı, bayrağı təmsil etdiklərini dərindən bilən fərdlər olaraq
yetişdirmək istəyirik. Söhbət Azərbaycan dilini bilən, mütaliə qabiliyyəti
olan, fikrini sərbəst olaraq çatdıra bilən, tarixini mənimsəyən şagirdlərdən
gedir.