среда, 30 октября 2024 г.

"Mənim Şagird Dostlarım" adlı layihənin açılışı oldu.

23 oktyabr 2024-cü il tarixində Təhsil və Elm Nazirliyinin xətti ilə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsi nominasiyasının qalibi - ibtidai sinif müəllimi, Dürdanə Vəliyevanın "Mənim Şagird Dostlarım" adlı layihənin açılışı oldu.

Layihənin açılışında məktəbin direktoru Sahibə xanım Abbasova, layihənin eksperti Aliyə Əhmədova və təlimçi Ramil Süleymanov çıxış edərək bildirdilər ki, layihənin mövzusu günümüzün  problemləri əks etdirir.

 Layihə rəhbəri bildirdi ki, layihə 1-ci və ikinci sinif şagirdləri, valideynləri və müəllimləri ilə iş aparmaq üzrə qurulub.  Layihənin məqsədi 1-ci sinif şagirdləri arasında “dost şəxsiyyəti formalaşdıran bacarıqlar” fəaliyyətlərinin təşkil edilməsi, onların qısnama və zorakılıq hallarının öhdəsindən “dostcasına” gəlməsi üçün psixo-emosional sağlam formalaşmasına nail olmaq, bununla da,  təhlükəsiz və dəstəklənən mühitdə təhsil almasına şərait yaratmaqdır.

Layihə zamanı ilkin olaraq məktəbin ibtidai sinif şagirdləri arasından 30 şagird müəyyənləşdirildi.

  Bu şagirdləri bundan sonra “şagird dostlar” adlandıracaq.

Layihə komandası uşaq, valideyn və müəllimlərlə işləmək üçün təlim və fəaliyyətlərin proqramı,  ünsiyyət oyunları, plan-qrafiki  və s.müəyyənləşdirib. Məsələn;

3 aylıq layihə müddətində şagirdlər “Hamı belə etsə”, “Hamı belə danışsa”, “Hamı belə davransa” davranış qaydalarına yiyələnəcəklər. Bu zaman onlar yeni davranış formaları əsasında e-təqdimatlar hazırlayaraq sosial səbəkələrdə paylaşacaqlar.

Layihə zamanı qısnama və zorakılıq hallarını önləmək üçün “Şəxsiyyətyönümlü inkişaf” təlimlərinə şagirdləri və valideynlərinin cəlbinin təşkil edilməsi düşünülür.

İrəliləyişlər müşahidə olunduqca, “Şagird Dostlar”ın digər sinif şagirdləri ilə “dəyərlər və inkişaf” məzmununda  müzakirə, görüşlərinin təşkil edilməsi planlaşdırılır. “Hamı belə etsə”, “Hamı belə danışsa”, “Hamı belə davransa” maarifləndirici, təşviqat videolarının “Şagird Dostlar”ın iştirakı ilə hazırlanaraq KİV -də nümayiş olunması planlaşdırılır.

Bütün bunlar və s. işlər birbaşa layihənin vəzifəsi kimi müəyyənləşdirilib.